Tədbirin açılış mərasimində institutun rektoru, professor Nazim Pənahov çıxış edərək orqan donorluğunun təşviqinin vacibliyini vurğulayıb. Rektor bu mühüm missiyanın həyata keçirilməsində tibb ictimaiyyətinin, mütəxəssislərin və bütövlükdə cəmiyyətin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdıraraq, hər kəsin dəstəyinə ehtiyac olduğunu bildirib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova beyin ölümü anlayışının yaranma tarixinə və orqan donorluğunda həlledici roluna toxunub.
Mərkəz sədri qeyd edib ki, süni tənəffüs aparatları ixtira olunana qədər insanın ölüm anı onun nəfəs alıb-almaması ilə müəyyən edilirdi. Lakin sonradan tibbdə belə bir sual ortaya çıxdı: insan nəfəs almadığı halda ürəyin fəaliyyəti necə davam edə bilər?
Y. Abbasovanın sözlərinə görə, 1950-ci illərdə Hollandiyada baş verən poliomielit pandemiyası zamanı çoxlu sayda süni tənəffüs aparatları hazırlanaraq tətbiq olunub. Məhz həmin dövrdə müəyyən olunub ki, təbii tənəffüs olmasa belə, süni tənəffüs aparatının köməyi ilə ürəyin fəaliyyətini davam etdirmək mümkündür. Belə ki, insan dünyasını dəyişdikdən sonra süni tənəffüs aparatına qoşulu olduğu üçün ağciyərlər oksigenlə təmin edilir, qaz mübadiləsi davam edir və ürək öz avtomatizmi hesabına, beyindən asılı olmayaraq bir müddət fəaliyyətini saxlayır.
Yeganə Abbasovanın sözlərinə görə, bu tibbi inkişaf nəticəsində 1959-cu ildə beyin ölümü ilə bağlı ilk elmi məqalələr dərc olunub, 1968-ci ildə isə Harvard Universitetində beyin ölümünün müəyyənləşdirilməsi üzrə ilk protokol qəbul edilərək müvafiq meyarlar formalaşdırılıb. Dünyada ilk ürək transplantasiyasının həyata keçirilməsi də həmin dövrə təsadüf edir.
Mərkəz sədri Azərbaycanda beyin ölümünün müəyyən edilməsi istiqamətində atılan mühüm addımlardan da danışıb. O bildirib ki, 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə insan ölüm anının təyin edilməsi və reanimasion tədbirlərin dayandırılması qaydaları müəyyənləşdirilib. Həmin qərara əsasən, ən azı beş il öz ixtisası üzrə iş təcrübəsi olan iki həkim – reanimatoloq, nevropatoloq və ya neyrocərrah tərəfindən süni tənəffüs aparatına qoşulmuş, ürək fəaliyyəti davam edən komatoz vəziyyətdəki pasiyentdə beyin ölümü diaqnozu klinik olaraq təsdiqləndikdə bu hal bioloji ölüm hesab edilir.
Y. Abbasova beyin ölümü zamanı aparılan nevroloji müayinələrin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, müayinə zamanı ağrı qıcıqları, kornea və çeynəmə refleksləri yoxlanılır. Eyni zamanda, beyin ölümü olan pasiyentlərin təxminən 39 faizində Lazarus refleksi kimi spinal reflekslər müşahidə oluna bilər. Mütəxəssis qeyd edib ki, orqan donorluğunun əsas şərti beyin ölümünün qanunvericiliyə və tibbi meyarlara uyğun şəkildə təsdiqlənməsidir. Beyin ölümü təsdiqlənmədən donorluq mümkün deyil.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini, həkim-reanimatoloq Günay Abbasova çıxışında orqan donorluğu prosesinin əsas mərhələlərinə, xəstələr haqqında məlumatların vahid informasiya sisteminə daxil edilməsinə və transplantasiya üçün uyğun resipiyentin seçilməsi mexanizmlərinə toxunub. O diqqətə çatdırıb ki, bu prosesin bütün mərhələləri şəffaflıq prinsipləri əsasında həyata keçirilir, donor və resipiyentin seçimi isə müəyyən edilmiş tibbi meyarlara uyğun aparılır.
Tədbirdə çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri,
professor Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümünün əhəmiyyətindən danışıb.
Professor bildirib ki, ötən bir il Azərbaycan səhiyyəsi üçün mühüm mərhələ və böyük təcrübə ili olub. Onun sözlərinə görə, 2025-ci ildə Qafqaz regionunda ilk dəfə ürək transplantasiyasının həyata keçirilməsi ölkənin tibb tarixində əlamətdar hadisədir.
K. Musayev vurğulayıb ki, bu nailiyyət ölkədə xüsusilə son 25 ildə səhiyyə və tibb sahəsində həyata keçirilən inkişafın məntiqi nəticəsidir.
İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov çıxışında orqan donorluğuna dini və mənəvi baxımdan yanaşaraq, insan həyatının qorunması və xilas edilməsinin dini-əxlaqi dəyərini diqqətə çatdırıb.
Sessiya çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Cəmiyyətin sədri, ürək-damar cərrahı Ramil Əliyev tərəfindən heyvan modeli üzərində eksperimental ürək transplantasiyasına dair elmi-praktik təlim keçirilib. Həkim və rezidentlərin iştirak etdiyi təlim müasir cərrahi yanaşmaların öyrənilməsi və transplantologiya sahəsində praktiki təcrübənin artırılması baxımından əhəmiyyət daşıyıb.